Makondoda yağışa baxarkən
sentimental alınacaq bu yazı deyəsən
Bayırda yağış yağır, sakit, narın yaz yağışı. Soyuq deyil, bayıra çıxıb yağışın altında maykada gəzib dəlilik etmək də olar. Kimsə bu tutqun mənzərəni seyr etdikcə sevgilisə ilə yağışda sevişərək gəzdiyi anları da xatırlaya bilər, nostalgiyaya qapılar. Bizim itirilmiş nəslin keçmişi, xatırlayacaq bir şeyi yoxdur, çünki bizim keçmişimiz indimiz kimi bizdən asılı olmadan, taleh adlı o mücərrəd qüvvənin təsiri ilə yaranmayıb. Biz keçmişimizi də indimiz kimi dişlə, dırnaqla barmaqlarımızı qanadaraq qazıya-qazıya düzəltmişik. Bu axşam evində sevgilisini qarşılayacaq birinin evi təmizləyib, süfrə hazırlayıb şamları yandırıb, maqnitofona romantik bir musiqi qoyub hazır vəziyyətdə bəkləməsinə bənzəyir.
Bəli mən də keçmişindən gülərüzlə xatırlaya biləcək bir şeyi olmayan bir nəslin- itirilmiş bir nəslin nümayəndəsiyəm, biz “işıqlı həyat” uğrunda mücadilə etmirik, bizim mücadiləmiz sıradan həyat uğrundadır, zülmət qaranlıqla dolu, iynənin ucu boyda işıq belə görünməyən həyat uğrunda, nəfəs alıb vermə uğrunda, heyvani bir həyat.Amma bununla belə bu həyat mənə nəyisə xatırladır, mənim olmayan, lakin mənim olacaq qədər mənə doğma olan bir şeyi, bir şəhəri. O şəhər mənə o qədər doğmadır ki, sanki o şəhərdə doğulmuşam, o şəhərdə boy atmışam. O şəhərin küçələri, insanları da doğmadır mənə. O şəhər Makondodur. Qabriel Qarsiya Markesin xəyali, bədii şəhəri. Hazırda olduğum binanın qarşısındakı küçədən ötüb keçən prezident seçkisi təbliğat maşını da bu maqik aləmə bir rəng qatır meqafonların gurultulu səsi ilə. Guya nə olacağını öncədən bilmirik. Sabah mərkəzi meydanda minlərlə insan güllələnəcək və biri gün heç kim bundan xatırlaya bilməyəcək. Makondoda olduğu kimi.Və mən indi anlayıram ki, minlərlə həmnəslim kimi düşünmək qabiliyyətindən məhrumam. Yadıma düşür, ey dadibidad, sən demə mən heç düşünmürəmmiş. Sən demə mən neçə illərdir heç nə haqqında fikirləşmirəmmiş. Sanki düşünürəmmiş, guya var imişəm. Əslində mən yox idim və bu halətimdən çox razı idim. Bu yağış olmasaydı bəlkə də deyərdim- var olsun yoxluq!Yağışın altında harasa tələsən o adam da mənə bənzəyir, küləfərəngidə dayanıb yağışı seyr edən mən də ona bənzəyirəm. Biz diskin içində qaçan dələyə bənzəyirik, biz qaçırıq, sürətlə qaçırıq, sürəti bir az da artırırıq, daha, daha, daha sürətlə qaçırıq, qaçırıq, qaçırıq, qaçırıq.....qaçırıq. Lakin yerimizdən bircə addım belə tərpənməmişik, diksə fırlanır.
Yağış yağır, yaş asfaltla şütüyən maşınların təkərlərinin səsi şırıltıyla qulağımdan uzaqlaşır. Və mənə elə gəlir ki bu yağış heç bitməyəcək. Və mən Makondodayam, yağışa baxıram; bu yağış heç bitməyəcək, saatlarla, gunlərlə, aylarla, illərlə yağacaq, mən də eyvandan bu mənzərəni seyr edəcəm. Nə yağışın Makondonı dağıtması, nə evlərin damlarının uçulması, nə inəklərin yağış gölməçələrində boğulması- heç nə vecimə deyil. Heç nə vecimə deyil. Mən yalnız sükut içində, ərincək halıyla yağışda boğulan Makondonı seyr etməkdəyəm.


