Muncuq əhvalatı
Həftəsonu işləmədiyimiz üçün iş yoldaşımla gəzintiyə çıxıb iş qayğılarından azad bir şəkildə yazın təravətli havasından doya-doya udmaq qərarına gəlmişdik. Yazda adam küləyin incə əsintisinə sərinləndikcə qarşıda onu gözləyən yayın qızmar istisini düşünüb bütün qamətini küləyə yalatmaq istəyir. Necə olsa yayda hər birimiz – bu isti cənub ölkəsinin insanları – yazın xiffətini edirik.
Dolaşa-dolaşa həftəsonu alış-verişə, özlərinə ər tapmaq məqsədilə əndamlarını nümayişkəranə şəkildə əsdirə-əsdirə gəzintiyə çıxmış xanımları süzə-süzə gəlib çıxdıq bizim kiçicik şəhərin yeganə parkına. Məndə Sovetlərdən qalma hər şeyə qarşı xüsusi bir maraq var. Sovetlərdən qalma hər şeydə - o dövrdə basılmış metal pullardan tutmuş, əkilmiş ağaclara qədər - hər şeydə insan əməyi, gördüyü iş üçün can yandıran, heç bir fərdi maraq güdməyən, yalnız kollektivin rifahı naminə əziyyətə qatlaşmış insanların səmimiyyətlə dolu zəhmətləri açıq-aşkar hiss olunur. Və bizim bu kiçik Sovetdən qalma şəhərdə hər köhnə şeydə bu səmimiyyət, kollektivin naminə edilmiş fədakarlıq duyulur, səkilər də, binaların fasadları da, hazırda çoxu kəsilib yerlərində marketlər, dükanlar tikilmiş təkəmseyrək ağaclar da, həyətindəki heykəli aşınıb dağılmış Mədəniyyət evi də- hər şey səmimi hisslərdən doğulmuş bu zəhməti hiss elətdirir. Asudə vaxtında bizim şəhəri gəməyə çıxsan can üstə olan “HƏR ŞEY İNSAN ÜÇÜN!” tezisinin necə ağır-ağır ölüm nəfəsi alıb – verdiyini də görə bilərsən. Şəhərin yıpranmış arxitekturası sənə bunları demək istəyir: “Bir vaxtlar bütün Sovetlərdə olduğu kimi bu şəhərdə də hər şey insan üçün idi, yalnız və yalnız insan üçün”.
Gəzə-gəzə gəlib parkdakı bayır-çayxanalardan birində boş stollardan birini tutub çay və nərdtaxta sifariş verdik. Qarşımızdakı və bir də bizdən 20 addım aralıdakı stolları nəzərə almasaq çayxana tamamilə boş idi.
Çayçı nərdtaxtanı gətirdi və biz oynamağa başladıq. Amma mənim fikrim oyunda deyildi. Bayaq gördüyüm qara mini yubka geyinmiş xanımın şümal, parlaq budlarını da düşünmürdüm. Fikirlərimi qarşıdakı stolda oturmuş ucadan danışan müştərilərin söhbətlərinə cəmləmişdim. Birinci oyun bitdi. Uduzsam da diqqətimi qarşıdakı stolda gedən söhbətdən ayıra bilmirdim. Səsi ucadan gələn müştəri arxası mənə sarı oturduğundan nə elədiyini də görmürdüm - əllərini qabağında oynada-oynada arada çaydan qurtumlayaraq diqqətlə onu dinləyən həmsöhbətlərinə uca səslə və ahənglə danışırdı:
“Qardaşlar bəzən elə adamlara da rast gəlirsən ki, deyirlər, namaz qılmağa vaxt tapa bilmirəm. Yəqin Allah namazı qəzayla qılacağımı bilib özü məsləhət görmür namaza başlamağıma. Ayə, bəs sən nə zaman başlayacaqsan namaza? Belin bükülüb çənən yerə dəyəndəmi? Həyatdan zövq almaq imkanından məhrum olandan sonramı və ya vücudun kef çəkməyə yaramayandan sonramı? Ayə, sən heç nəyə yaramayandan sonra Allahın nəyinə lazımsan? Ayə, bəs necə olur ki, yeməyə, televizora baxmağa, peşab etməyə, teatra tamaşa etməyə, kinoya getməyə, yatmağa, qadınlarla kef çəkməyə, əraq içməyə vaxt tapırsan, əmma ibadətə vaxt tapmırsan? Məgər xudavəndi – aləm buyurmamışmıdır ki, hər kəs həddi-buluğa çatandan sonra mənə ibadət etsin? Qadına, eyş-işrətə vaxt ayıra bilirsən, əmma səni yaradana ibadət etməyə, səni yaratdığı üçün şükür etməyə vaxtın olmur? Bəs necə olur ki, uşaq düzəltməyə vaxt tapa bilirsən? Ey qafil, məgər bilmirsənmi ki, o dünyada ibadət etməyənlərin halı necə olacaq? ”
Mən artıq oyunu unudub bütün diqqətimi ona cəmləmişdim ki, əlindən nəyinsə dağılıb cıngiltiylə yerə səpələnməsiylə danışıq kəsildi. Elə bil bayaqdan onu diqqətlə dinləyən həmsöhbətlərinin canına neştər soxdular, dən axtaran toyuq kimi əyilib yerdə eşələnməyə başladılar. Bu dəm onun sol tərəfində oturmuş orta yaşlarında saqqalı oğlan çığır-bağıra başladı:
- Ayə, sən neylədin, sənə dedim axı, çayxana təsbeh sapa düzmək yeri deyil, təsbeh yığmaq üçün qapalı, rahat bir məkan gərəkdir? Həmən bu saqqallı müştəri də deyinə- deyinə qalanları ilə birlikdə dağılıb torpaqda it-bat olmuş muncuqları axtarıb toplamağa çalışırdı. Bayaqkı müqəssir bir tonla ona təskinlik vermək istəyirdi:
- Ay qardaş, sən allah darıxma, indi muncuqların hamısını tapıb yığacayıq sapa. Sən hələ bir toxta.
- Ay Kəbləyi, Allah sənin belini qırmasın, yazıqsan. Nə uşaq başı aldatırsan, məgər bilmirsən ki, təsbehin muncuqları sayla otuz üç- otuz üç olur? Muncuğun beşini tapdın, onunu tapdın, otu üçünü ki tapmaq olmaz? Gözlərin mikroskop zaddır bəyəm?
- Allah xatir, sən bircə üzülmə, taparıq Allah kərimdir, həm də bir təsbeh nədir ki, bunun üstündə mənlə qovğa edirsən?
- Ay Kəbleyi, mən təsbeh üçün deyiləme, təsbeh sənə peşkəşdir. Amma bu təsbehi Məşədi İmanqulu Məşhəddən- qurban olduqlarımın məzarından - pay gətirmişdir.
- Ay qardaş, darıxma, əgər belədirsə, mən sənə Kərbəladan gətirdiyim təsbehlərdən birini bəxşiş edərəm. Özün ki, bilirsən Kərbəla məqamı Məşhəddən üstündür.
- Doğurdan?
- Bə nədi? Onların razılığından sonra araya sakitlik çökdü və muncuq axtramaq əməliyyatı bir az səngidi. Bu vaxt günorta azanı verildi və onlar bir nəfər kimi muncuq axtarmaq işini buraxıb stolun üstündəki ləvazimatlarını da götürüb yaxınlıqdakı məscidə namaz qılmağa getdilər.
Daha fikrimi yayındıracaq bir maneə olmadığı üçün rahatca oyuna davam edə bilərdim.
Şeş – beş ...

